Su həyatdır !

   Planetimizin səthinin 2/3 hissəsi su ilə örtülmüşdür. Hesablamalara görə Yer səthində ümumi su ehtiyatı 1,45 milyard kub kilometrə qədərdir. Ümumi su ehtiyatının əsas hisəsi-1,386 milyard kub kilometr və ya 90%-i okean və dəniz sularından, 10% -i isə çay və göl sularından, buzlaqlardan və yeraltı sulardan ibarətdir.

   İnsan həyatı və onun fəaliyyəti üçün şirin sular, xususi ilə çay axınları əhəmiyyətli rol oynayır. Su əvəz olunmazdır. Yer üzərində olan və illik axınla ifadə olunan çay suyu ehtiyatı orta hesabla 41 min kub kilometr qədərdir.

  Hazırda çay suyundan su təchizatı, suvarma, sənaye, elektrik enerji istehsalı, su nəqliyyatı, balıqçılq təsərrüfatı və başqa məqsədlər üçün geniş istifadə olunur. Hesablamalara görə keçmiş Sovet İttifaqının ərazisində 250 minə yaxın göl və 90 minə yaxın çay qeydə alınmışdır. Azərbaycanda isə 8,4 minə yaxın çay və 700-ə yaxın göl vardır.
   Ölkəmizin Yerüstü su ehtiyatları 32,2 milyard kub metr, Yeraltı su ehtiyatları isə 5,2 milyard kub metr təşkil edir ki, bunun da əsas hisəsi, yəni 70%-ə qədəri respublikanin ərazisinə kənardan daxil olan Araz və Kür çaylarının payına düşür.

   İl ərzində yağıntının miqdarı kəskin dəyişir, bütün bunlar sudan istifadə də müəyyən çətinliklər yaradır.


Su təsərrüfatı

  Su təsərrüfatı ― su ehtiyatlarının öyrənilməsi, hesabatlarının aparılması, istifadəsi, qorunması məsələlərini və eləcə də, suların zərərli təsirlərinə qarşı mübarizəni əhatə edən elm və texnikanın sahəsidir.

  Su təsərrüfatı öz növbəsində bir sira sahələri əhatə edir; meliorasiya (suvarma, qurutma və s.); hidrotexnika (su enerjisinin elektrik enerjisinə çevrilməsi); su nəqliyyatı (çaylardan, göllərdən və dənizlərdən gəmiçilik və meşə materiallarının axıdılması üçün istifadə olunması); su sərvətləri (balıq ovu və balıq yetişdirilməsi); su təchizatı və kanalizasiya (əhalinin içməli su ilə təminatı və s.); çay məcrasının nizamlanması (yuyulmaya məruz qalan sahil və məcraların möhkəmləndirilməsi) və s.

  Meliorasiya latın sözü olub azərbaycanca yaxşılaşdırmaq deməkdir, başqa sözlə torpaqların hidrotexniki, mədəni-texniki, kimyəvi, aqro-meşəmeliorasiya, aqrotexniki və digər tədbirlərin aparılması yolu ilə əsaslı yaxşılaşdırılmasıdır.

  Meliorasiyanın müxtəlif növləri mövcuddur. Meliorasiyanın növləri təyinatına və meliorativ tədbirlərin həyata keçirilmə üsullarına görə təsnif olunur.
  Təyinatına görə meliorasiyanın: suvarma meliorasiyası (torpağın məhsuldarlığını artırmaq üçün süni nəmliyin yaradılması); qurutma meliorasiyası (artıq suların torpaqdan kənarlaşdırılması); tənzimləyici meliorasiya (kənd təsərrüfatı bitkiləri üçün zərərli, artıq duzların kənarlaşdırılması); eroziyaya qarşı meliorasiya (torpağı yuyulmadan və dağılmadan qorumaq üçün görülən tədbirlər) kimi növləri vardır.
  Meliorativ tədbirlərin həyata keçirilmə üsullarına görə isə meliorasiyanın: hidrotexniki meliorasiya (hidromeliorasiya); aqrotexniki meliorasiya (aqromeliorasiya); meşə meliorasiyası; kimyəvi meliorasiya və mədəni-texniki meliorasiya kimi bölmələri vardır. Onun effektliyi meliorasiya və irriqasiya sistemlərinin istismarının səviyyəsi ilə ölçülür. Hazırda ölkəmizdə meliorasiya və irriqasiya sistemləri ― müasir, yüksək məhsuldarlıqlı maşın və mexanizmlərin tətbiqi ilə yanaşı, yeni sənaye texnologiyaları əsasında tikilən etibarlı və uzunömürlü tikintilərdir.

  Meliorasiya və irriqasiya sistemlərinin istismarı üçün bir sira istismar təşkilatları ― suvarma sistemləri və mexaniki suvarma idarələri, kanal və kollektorların, hidroqovşaq, subartezan quyuları, su anbarları və bəndlərin istismarı idarələri, meliorasiya və meşə meliorasiya idarələri və digər xıdmət idarələri təşkil olunmuşdur.

Yaradılan bu təşkilatlar sistemlərinin işlək vəziyyətdə saxlanılmasına, texniki cəhətdən təkmilləşdirilməsinə və qorunmasına xidmət edirlər.

  İstismar təşkilatlarının tərkibinə daxildir;  irriqasiya obyektləri və qurğuları ― su anbarları, sugötürən, suötürən və supaylayıcı qurğular, suvarma nasos stansiyaları, məcranizamlayıcı və sahilqoruyucu qurğular;  kollektor-drenaj sistemləri ― kollektorlar, drenlər və onlar üzərindəki qurğular, nasoslar;  digər avadanlıq və qurğular ― suyun hesabatını aparan hidrometrik postlar, qrunt sularının səviyyəsinə nəzarət edən quyular, torpağın kimyəvi analizi üçün avadanlıqlar, güc, işçi və çiləyici maşınlar və avadanlıqlar, elektrik xətləri, xidmət, yaşayış və istehsalat binaları, yollar, meşə örtükləri, nəzarət-ölçü cihazları və labarotoriya avadanlığı və s.;  texniki xidmətləri icra edən və digər istismar tədbirlərini yerinə yetirən işçi heyət.

  Meliorasiya və irriqasiya sistemlərinin istismarı idarələrinin kateqoriyası, strukturu və ştat vahidlərinin sayı xidmət etdikləri suvarılan və meliorasiya olunmuş sahədən, suvarma və kollektor-drenaj şəbəkələrinin uzunluğundan, həyata keçirdiyi illik istismar-təmir işlərinin həcmindən və digər göstəricilərdən asılı olaraq müəyyən edilir.

  Hər bir istismar təşkilatlarının özünə məxsus fəaliyyətini müəyyən edən nizamnaməsi, istismar qaydaları və vəzifə təlimatları var.