Hidrotexniki qurğular

    Hidrotexniki qurğular (HTQ)- su ehtiyatlarinin qorunması, istifadəsi və suların zərərli təsirlərinin qarşısının alınması üçün tikilən mühəndis qurğularıdır. Su təsərrüfatında hidrotexniki qurğular olduqca əhəmiyyətli yer tutur. Çayların və digər su mənbələrinin təbii rejimlərini dəyişmək üçün bu və ya digər su təsərrüfatı tədbirləri hidrotexniki qurğuların köməyilə həyata keçirilir. Kənd təsərrüfatı bitkilərinin istehsalını artırmaq, yüksək və dayanıqlı kənd təsərrüfatı məhsulları əldə etmək üçün torpaqların əsaslı yaxşılaşdırılmasında hidrotexniki qurğuları mühüm rol oynayır. Onların köməyilə bir tərəfdən su müəyyən olunmuş müddətdə, lazımi miqdarda və tələb olunan keyfiyyətdə istehlakçıya çatdırılırsa, digər tərəfdən su anbarlara lazım olan vaxtlarda istifadə üçün yığılır, eyni zamanda axının kinetik enerjisi elektrik enerjisinə çevrilir və s.

    Hidrotexnika- mühəndis qurğuları və tədbirlərinin köməyi ilə su ehtiyatlarinin qorunması, istifadəsi və suların zərərli təsirlərinin qarşısının alınması məsələlərini həll edən elm və texnikanin sahəsidir.
Hidrotexniki qurğular aşağıdakı xarakterik əlamətlərinə görə təsnifatlaşdırılır : su təsərrüfatında xidmət sahələrinə görə; təyinatına görə; istifadə şərtlərinə görə; kapital qoyuluşuna görə; konstrusiyasına görə. Xidmət etdiyi sahələrə görə: suvarma, qurutma və kənd təsərrüfatıni su ilə təmin etmək məqsədilə istifadə olunan meliorativ hidrotexniki qurğular (su götürən qurğular, nasos stansiyalar, suvarma və qurutma şəbəkələrindəki qurğular);su enerjisindən istifadə etmək üçün hidroenergetik qurğular (basqılı su anbarları, tənzimləyici kameralar və s.); su nəqliyyatında gəmiçilik məqsədilə işlədilən qurğular (gəmikeçirən şlüzlər, körpülər, dalğaqiran və s.); ağacaxıtmada işlədilən qurğular (çayla ağac tutmaq üçün çəpərlər, sal qapılar, şalban axidanlar və s.;su təchizatı məqsədilə kanalizasiya və su kəmərlərində işlədilən qurğular (su götürən qurğular, nasos stansiyalar, boru kəmərləri və s.); balıq təsərrüfatında işlədilən hidrotexniki qurğular (balıq keçıdləri, balıq yetişdirən göllər və s.).

   Təyinat və xüsusiyyətlərinə görə: səviyyə qaldıran, suyun təzyiqini qəbul edən hidrotexniki qurğular (bəndlər, dambalar və axının arasını kəsən digər qurğular); nizamlayıcı, çayın ayrı-ayrı sahələrini, dəniz, göl və su anbarlarının sahillərini axının və dalğanın dağıdıcı təsirindən qoruyan və axını istiqamətləndirən qurğular (şporlar, dəhnələr, buzlaqlardan qorunmaq üçün olan və ləpədöyəm qurğular); mənbədən sugötürən qurğulap; bir məntəqədən digərinə suötürən qurğulap (kanallar, boru kəmərləri, novlar, tunellər, akveduklar, dyükerlər və s.); kanal və su anbarlarından sərfəli məqsədlər üçün və artıq suları azaltmaq məqsədilə işlədilən su tullayıcı qurğular.

   İstifadə şərtlərinə görə hidrotexniki qurğular daimi və müvəqqəti olurlar. Daimi hidrotexniki qurğular təyinatına görə əsas və ikinci dərəcəli olur. Əsas hidrotexniki qurğular –bu qurğular təmir zamanı və ya qəza baş verdikdə işləməzsə, bütün sistemin dayanmasına səbəb olur və ya onun işləməsini əhəmiyyətli dərəcədə azaldır. Bütün digər hidrotexniki qurğular ikinci dərəcəli qurğular adlanır.    Çaylar üzərində tikilən qurğular su mənbəyinin qarşısında tikilir. Onlar müxtəlif əhəmiyyətə malik olmaqla, əsas vəzifələri suyu magistral kanala, suvarma sistemlərinə verməkdən ibarətdir. Buraya daxildir: bəndlər, su götürən, suburaxan və su tullayan qurğular və avadanlıqlar; su elektrik stansiya tikililəri; gəmi buraxan şlüzləır, körpülər, şalban axıdanlar; balıq keçidləri, balıq yolları və s.; çay mcrasını nizamlıayan qurğular; çöküntüləri çökdürmək və yumaq üçün tikililər; buzlaqlardan qorunmaq üçün qurğular.

   Sistemdaxili (şəbəkə) qurğular: sərf və səviyyəni nizamlayan qurğular (bəzən konkret təyinatından asılı olaraq, su buraxan, su ölçən, su bölən, səviyyə qaldıran, su tullayan qurğular adlanırlar); su nəql edən qurğular (kanallar, su kəmərləri, novlar, tunellər, akveduklar, dyükerlər, sel buraxanlar və s.); birləşdirici qurğular (cəldaxıdanlar, düşmələr, şaxtalı və konsollu düşmlər); kanallardakı çöküntüləri çökdürmək və yumaq üçün qurğular; gəmi buraxan şlüzləır və meşə materiallarını su ilə axıtmaq üçün tikiləm qurğular; su elektrik stansiya tikililəri;kanal üzərindən keçən körpülər və borulu keçidlər.
   İstər çaylar istərsə də, sistemdaxili şəbəkələrdə bu və ya digər funksiyaları yerinə yetirmək üçün (suyun magistral kanala, suvarma sistemlərinə verilməsi, nizamlanması, səviyyənin qaldırılması, gəmilərin, balıqların buraxılması və s.) hidrotexniki qurğularda yaradılan qapılardan istifadə olnur.


   Hidrotexniki qurğuların texniki cəhətdən işləkliyini xarakterizə edən göstəricilər hidrotexniki qurğunun faktiki suburaxma qabiliyyətinin onun layihə suburaxma qabiliyyətinə uyğunluğundan, qurğuların qarşısında lillənmənin olmamasından, hidrotexniki qurğuların divarlarının arxasında və altında boşluqların olmamasından, onun aşağı byefinin yuyulmamasından, hidrotexniki qurğunun özülündən və divarlarının altından sızan suyun təhlükəli xüsusiyyət daşımamasından, hidrotexniki qurğuların qaldırıcı mexanizmlərinin, şlüzlərin və s. avadanlıqların fasiləsiz və qəzasız işləməsindən, istismar yollarının yararlılığından, qurğuların lazımi qaydada saxlanmasından, abadlaşdırılmasından və s. ibarətdir.

   Hidrotexniki qurğularda həyata keçirilən əsas qulluq və texniki xidmət hidrotexniki qurğularda başlıqların çökməsinin və əyilməsinin düzəldilməsi, qaldırıcı mexanizmlərin və qurğuların profilaktikası, metal konstruksiyaların korroziyadan qorunması üçün rənglənməsi, qurğu ətrafına torpağın tökülməsi və hamarlanması, çatların, boşluqların və çuxurların təmizlənməsi və beton məhlulu ilə doldurulması, qurğunun sualtı hissələrinin qoruyucularının bərpa edilməsi, akveduk və körpülərin aşırımlarında, yol örtüyündə kiçik zədələnmələrin aradan qaldırılması, akvedukun novunun dəyişdirilməsi, hidroizolyasiyanın dəyişdirilməsi, drenajın düzəldilməsi, sürgülərdə, qaldırıcı mexanizmlərdə və torlarda rezinlərin dəyişdirilməsi, sürgüdə olan çatların qaynaq edilməsi, sürgü mexanizminin köhnəlmiş yastıqlarının və boltlarının düzəldilməsi, xidməti körpülərdə sınıqların düzəldilməsi, zibiltutan torların əyilmiş hissələrinin düzəldilməsi, elektromexaniki hissələrin dəyişdirilməsi, sürgünün çıxarılması və qaldırıcı mexanizmin sökülməsi, qaynaq, yaxud pərçim edilməsi, detalların dəyişdirilməsi, mexanizmlərin yağlanması, xırda zədələnmələrin aradan qaldırılması, hidrometrik müşahidə qurğularında avadanlıqların iş qabiliyyətinin bərpa edilməsi üçün qüsur və zədələrin aradan qaldırılması, dağılmış və uçmuş hidrometrik qurğuların bərpası, istisma r yollarının hamarlanması və bərkidilməsi, yol altından keçən suötürücü və drenaj qurğularının bərpası və s. işlərdən ibarətdir