Torpağın münbitliyi: Hələ qədim dövrlərdən insanlar torpaqlardan istifadə edərkən onları bitkilərin məhsul vermək qabiliyyəti nöqteyi-nəzərindən qiymətləndirməyə cəhd etmişlər. Ona görə də münbitlik anlayışı torpaqşünaslığın bir elm kimi yaranmasından çox əvvəl insanlara məlum idi və istehsal vasitəsi kimi torpağın ən əhəmiyyətli xassəsi hesab olunurdu.
Münbitlik haqqında müasir təlimin inkişafı V.R.Vilyamsın adı ilə bağlıdır. O, təbii torpaqəmələgəlmə prosesinin gedişatında torpaq münbitliyinin formalaşmasını və inkişafını hərtərəfli öyrənmiş, torpağın bir sıra xassələrindən asılı olaraq münbitliyin təzahür formalarını nəzərdən keçirmiş, həmçinin münbitliyin artırılmasının əsas prinsiplərini işləmişdir.
Qeyd edildiyi kimi, torpaqşünaslıq elminin klassik tərifinə görə, münbitlik torpağın bitkinin normal inkişafı və böyüməsindən ötrü qida elementləri və su, onun kök sistemini hava və istiliklə və əlverişli fiziki-kimyəvi
mühitlə təmin etmək qabiliyyətidir.
Münbitlik - torpağı dağ süxurundan fərqləndirən əhəmiyyətli keyfiyyət xassəsidir. Torpaq və onun
münbitlik anlayışları bir-birindən ayrılmazdır.
Torpağın münbitliyi təbii torpaqəmələgəlmə prosesinin
inkişafının, həmçinin kənd təsərrüfatı istifadəsi zamanı mədəniləşmə prosesinin nəticəsidir.
Torpaq münbitliyinin amilləri və torpaq münbitliyinin şəraiti anlayışları bir-birindən fərqləndirilir. Torpaq
münbitliyinin amillərinə bitkinin həyatı və böyüməsi üçün zəruri olan azot və kül qidalanması elementləri, su,
hava və qismən istilik, torpağın münbitlik şəraitinə isə bitkinin yer amilləri (fiziki və fiziki-kimyəvi xassələr,
toksiki maddələrin olması və s.) ilə təmin olunmasını müəyyən edən xassə və rejimlərini məcmusu daxildir.
Torpaq münbitliyinin asılı olduğu vacib parametrlər torpaq rejimlərinin (temperatur, su-hava, qida, fizikikimyəvi,
biokimyəvi, duz və oksidləşmə-reduksiya) konkret göstəriciləridir.
Rejim parametrlərini isə öz növbəsində iqlim şəraiti, torpağın aqrofiziki xassələri, onun qranulometrik,
mineraloji və kimyəvi tərkibi, qida elementlərinin potensial ehtiyatı, həmçinin onların mütəhərrik formalarının
miqdarı, humusun tərkibi və ehtiyatı, mikrobioloji proseslərin intensivliyi, reaksiyası və başqa fiziki-kimyəvi
xassələr müəyyən edir.
Geokimyəvi və geoloji proseslər (cod və ya yumşaq, şirin və ya minerallaşmış suların axımı, humuslu
horizontların eroziya vasitəsilə aparılması və s.) də həmçinin torpaq münbitliyinin formalaşmasına təsir göstərə
bilər.
İstilik şəraitini səciyyələndirmək üçün torpağın 0-20 sm qatında 100C-dən yuxatı temperaturların cəmi
göstəricisindən, vegetasiya dövrünün uzunluğundan, həmçinin torpağın donmasının dərinlik və müddət
göstəricisindən istifadə olunur. Bu parametrlərə uyğun olaraq torpaqlar aşağıdakı kimi ayrılır: isti, mülayim -
isti, mülayim, mülayim-soyuq, soyuq, donuşlu və uzun müddət mövsümi donan.
Yuxarıda qeyd edildiyi kimi, torpağın su-hava rejiminin optimal səviyyəsi optimal miqdarda nəmliyin
(təqribən TS-nun 60%-ə qədəri) və torpaq havasında bitkinin həyatı üçün zəruri miqdarda oksigenin (təqribən
20%) olmasını tələb edir. Torpağın su-hava rejimi aqronomik baxımdan əhəmiyyətli strukturun, məsaməliyin,
onun su-fiziki xassələrinin olmasını tələb edir. Bu kompleks fiziki xassələr öz növbəsində torpaqda humusun
miqdarı, onun qranulometrik tərkibi və fiziki-kimyəvi xassələri ilə sıx əlaqədardır.
Torpağın optimal fiziki-kimyəvi xassələri torpağın reaksiyasından, mübadilə olunan kationların tərkibindən
və miqdarından, torpağın buferlik xassəsindən asılı olaraq formalaşır.
Toprağın biokimyəvi rejimi üzvi qalıqların torpağa daxil olması və onların transformasiyasının mürəkkəb
kompleks prosesləri ilə müəyyən olunur. Bu proseslər isə öz növbəsində üzvi maddələrin humuslaşmasında və
minerallaşmasında, həmçinin bitkilərin qida elementlərinin mənimsənilə bilən formaya düşməsində fəal iştirak
edən müxtəlif qrup mikroorqanizmlərin iştirakı ilə baş verir.
Torpağın qida rejimi torpaqdakı bütün zəruri qida elementlərinin ümumi və onların mənimsənilən
formalarının miqdarından, bioloji akkumulyasiya proseslərinin və maddələrinin bioloji dövranının
intensivliyindən, həmçinin bitkinin qida elementlərinin çevrilməsinə təsir edən torpaq xassələrindən (aerasiya,
reaksiya və s.) asılıdır.
Duz rejiminin torpaq münbitliyində rolu əvvəlki fəsillərdə nəzərdən keçirilmişdir. Müəyyən edilmişdir ki,
bitkilərin inkişafına suda həll olan duzların toksik miqdarı mənfi təsir göstərir.
Oksidləşmə-reduksiya vəziyyətini səciyyələndirən əsas göstərici Eh –ın dinamikası, həmçinin torpaqda
bəzi oksidləşmə-reduksiya sistemlərinin kəmiyyət göstəriciləridir.
Torpağın ayrı-ayrı xassə və rejimlərinin münbitliyinin formalaşmasında rolunu qiymətləndirərkən,
aşağıdakı əhəmiyyətli müddəaları qeyd etmək lazımdır: münbitlik torpağın xassə və rejimlərinin mürəkkəb
qarşılıqlı asılılığının və qarşılıqlı təsirinin nəticəsi kimi özünü göstərir; xassə və rejim göstəriciləri kəmiyyətcə
qiymətləndirilə bilər; müxtəlif bitkilərin (bitki qruplarının) torpağın xassə və rejimlərinə tələbi müxtəlifdir;
xassə və rejimlər dinamikdir, yəni zaman ərzində dəyişkəndir.
Bu müddəaları bir qədər ətraflı nəzərdən keçirək. Torpaq rejimləri və ayrı-ayrı torpaq xassələri sıx qarşılıqlı
təsir və qarşılıqlı asılılıq şəraitində formalaşır. Məsələn, torpağın qida rejimi onun mineral birləşmələrinin
mürəkkəb çevrilmələrinin, üzvi maddələrin minerallaşma və humuslaşma proseslərinin, müxtəlif qrup
mikroorqanizmlərin və torpaq faunasının fəallığının, qələvi-turş şəraitinin təsirinin, oksidləşmə-reduksiya
proseslərinin, su-hava və temperatur rejimlərinin dinamikasının nəticəsidir.
Öz növbəsində, oksidləşmə-reduksiya rejimi üzvi maddələrin miqdarından və formasından, aerasiya
şəraitindən və mikrobioloji proseslərin inkişafının hidrotermik şəraitini müəyyən edən torpağın fiziki
xassələrindən və s. asılıdır.
Torpağın çox əhəmiyyətli xassəsi kimi strukturu da su-hava, oksidləşmə-reduksiya rejimləri, torpağın
aqrofiziki xassələri ilə sıx bağlıdır. Bu rejimlər də öz növbəsində humusun miqdarından, onun keyfiyyət
tərkibindən, qranulometrik və mineraloji tərkibindən, fiziki-kimyəvi xassələrindən və s. asılıdır.Müxtəlif bitkilərin (bitki qruplarının) torpaq şəraitinə tələbi eyni deyildir. Ona görə də torpaq münbitliyi
onun xassə və rejimləri əsasında qiymətləndirilərkən konkret bitkilərin tələbi də nəzərə alınmalıdır. Belə ki, çay
kolu üçün zəif turş reaksiya əlverişli hesab olunur; paxlalı bitkilər üçün bu cür reaksiya öldürücüdür. Torpağın
xassə və rejimləri zaman ərzində dəyişir və torpaqəmələgəlmənin fəsli tskillərindən, torpağa təsir vasitələrindən
və onun kənd təsərrüfatında istifadə müddətindən asılıdır. Bu hal torpaq münbitliyinin tənzimlənməsini zəruri
edən səbəblərdən biridir.
Münbitliyin növləri: Münbitliyin aşağıdakı növləri fərqləndirilir: təbii; süni; effektiv və ya iqtisadi. Potensial münbit
anlayışından da həmçinin istifadə edilir.
Təbii münbitlik təbii torpaqəmələgəlmə proseslərinin inkişafı ilə şərtlənmiş və insan tərəfindən pozulmamış
torpaq xassə və rejimlərinin mürəkkəb qarşılıqlı təsiri ilə müəyyən olunur. Təmiz formada təbii münbitlik xam
torpaqlara məxsusdur və torpaq üzərində yetişən senozların məhsuldarlığı ilə səciyyələnir.
Torpaqların əkinçilikdə istifadəsi təbii torpaq proseslərində, rejim və xassələrində əhəmiyyətli dərəcədə
dəyişikliklər əmələ gətirir. Bu dəyişikliklər torpaqların becərilməsi, gübrələrin verilməsi, müxtəlif meliorativ
tədbirlər və s. ilə əlaqədardır.
İnsanın təsiri nəticəsində torpağın xassə və rejimlərində yaranmış kəmiyyət və
keyfiyyət dəyişiklikləri onları süni münbitlik kimi səciyyələndirir. Süni münbitlik təmiz formada istixana, parnik
və digər örtülü sahələrdə subsratların hazırlanması zamanı yaranır.
Torpaqlardan kənd təsərrüfatı istifadəsi zamanı süni münbitlik təbii münbitliklə birlikdə effektiv və ya
iqtisadi münbitlik formasında özünü göstərir. O, kənd təsərrüfatı bitkilərinin məhsulu vasitəsilə realizə olunur.
Effektiv münbitlik təkcə təbii münbitlikdən asılı deyildir. Onun səviyyəsinə istehsal prosesində torpaqdan
istifadə şəraiti, elm və texnikanın inkişafı nailiyyətlərindən kənd təsərrüfatında, əkinçilikdə istifadənin imkanları
da təsir göstərir. O, cəmiyyətdəki sosial-iqtisadi münasibətlərlə də sıx əlaqədardır.
Torpağın tərkibində qida elementlərinin müəyyən ehtiyatı (ehtiyat fondu) vardır. Bu ehtiyat məhsulun
formalaşması zamanı qismən sərf olunur (mübadilə fondu). Bu cür yanaşma potensial münbitlik haqqında
anlayış yaradır.
Potensial münbitlik - müəyyən iqlim və relyef şəraitində yerləşmiş konkret torpağın çoxillik tsikl ərzində
təbii yolla və ya insanın təsərrüfat fəaliyyəti nəticəsində qazandığı xassələri vasitəsilə bitkini bütün zəruri
inkişaf amilləri ilə təmin etmək qabiliyyətidir. Potensial münbitlik kənd təsərrüfatı istifadəsində (əkin, bicənək,
mədəni otlaq və s.) və ya təbii şəraitdə (meşə) bitkinin inkişafı üçün əlavə insan amillərini (ilk növbədə
suvarma və gübrələmə) qoşmadan orta çoxillik iqlim şəraiti fonunda torpaq və digər ekoloji amillərin təsiri ilə
müəyyən olunur. O, torpağın sabit göstəricisi olub, adətən zəif dəyişir. Potensial münbitlik yalnız intensiv
meliorativ tədbirlər (qurutma, torpaq profilindən duzların yuyulması) və ya başqa səbəblərdən (texnogen
çirklənmə, təkrar şorlaşma və s.) qısa vaxt ərzində dəyişə bilər. Yüksək potensial münbitliyə, məsələn, qara
torpaqlar, aşağı potensial münbitliyə isə podzollu torpaqlar malikdirlər. Torflu-bataqlıq torpaqlar da yüksək
potensial münbitliyə malik torpaqlardan hesab olunur. Özündə qida elementlərinin böyük ehtiyatını toplamış bu
torpaqlar qurutma meliorasiyası tədbirlərindən sonra ehtiyat fondunu qismən sərf etmək hesabına yüksək
effektiv münbitliyi təmin etmək qabiliyyətinə malikdir.
Münbitliyin təkrar istehsalı:
Torpağın münbitliyi, torpaqəmələgəlmə prosesi kimi maddələrin çevrilməsi, akkumulyasiyası və ötürülməsi
prosesləri ilə sıx bağlıdır. Bu dəyişikliklər həm əlverişli istiqamətdə inkişaf edərək torpaq münbitliyinin
inkişafına və onun yüksəlməsinə (qida maddələrinin toplanması, strukturun yaxşılaşması və s.), həm də
əlverişsiz istiqamətdə inkişaf edərək münbitliyin aşağı düşməsinə (qida elementlərinin torpaqda yuyulub
aparılması, strukturun pisləşməsi və s.) gətirib çıxara bilər. Hər hansı müddət ərzində torpaq xassələrinin
dəyişməsi də münbitliyin müyyən nisbi səviyyəsinin yaranmasına səbəb olur.
Beləliklə, müəyyən müddət ərzində (vegetasiya müddətində, illik və ya əkin dövriyyəsi tsiklində və s.)
münbitliyin dəyişməsi natamam, sadə və geniş təkrar istehsal formalarında təzahür edə bilər.
Münbitliyin ilkin səviyyədən aşağı səviyyəyə doğru inkişafı (formalaşması) baş verirsə, bu, torpaq
münbitliyinin natamam təkrar istehsalını göstərir. Əgər torpaq münbitliyi ilkin səviyyədə qalırsa və ya inkişaf
prosesi nəticəsində həmin səviyyəyə qayıdırsa bu, torpaq münbitliyinin sadə təkrar istehsalından xəbər verir.
Torpaq münbitliyinin ilkin səviyyədən yüksək səviyyəyə doğru inkişafı onun geniş təkrar istehsal mərhələsini
yaşadığını göstərir.
Torpaq münbitliyinin təkrar istehsalı torpaqəmələgəlmənin obyektiv qanunudur. Təbii torpaqəmələgəlmə
proseslərinin inkişafı zamanı münbitliyin təkrar istehsalının natamam, sadə və geniş tipi əsasında konkret
torpaqəmələgəlmə proseslərinin və ya onların birləşmələrinin inkişafı müəyyən edilir. Torpaqlardan kənd
təsərrüfatında istifadə zamanı onların münbitliyinin təkrar istehsalı təbii amillərin və insanın torpağa təsiri altında baş verir.
Təbii və antropogen amillərin təsiri altında mədəni torpaqəmələgəlmə prosesi inkişaf edir. Mədəni
torpaqəmələgəlmə prosesinin spesifik xüsusiyyəti ondan ibarətdir ki, o, insanın istiqamətləndirici təsiri altında
inkişaf edir. Bu zaman təbii bitkiliyi aqrosenozlar əvəz edir, torpaqəmələgəlməyə təbii proseslərə xas olmayan
yeni amillər, torpaqların becərilməsi, gübrələrin və kimyalaşdırmanın digər vasitələrinin tətbiqi, meliorasiyanın
müxtəlif üsulları (qurutma, suvarma və s.) təsir göstərir. Mədəni torpaqəmələgəlmə prosesinin inkişafı zamanı
maddələrin bioloji dövranının həcmi, intensivliyi və xarakteri, bütövlükdə maddə və enerji mübadiləsi dəyişir.
Mədəni torpaqəmələgəlmə prosesinin inkişafı zamanı maddə və enerji dövranının əsas xüsusiyyəti – məhsulla
birgə bitkilər tərəfindən yaradılmış üzvi maddələrin və onların daxilindəki qida elementlərinin torpaqdan
kənarlaşdırılmasıdır. İnsanın şüurlu məqsədəuyğun fəaliyyəti şəraitində mədəni torpaqəmələgəlmə prosesinin
inkişafı torpaqların yaxşılaşmasına və münbitliyinin yüksəlməsinə səbəb olur. Bu prinsipin pozulması torpaq
münbitliyinin itirilməsinə (eroziyanın inkişafına, şorlaşmaya, humusun itirilməsinə, strukturun pozulmasına və
s.) gətirib çıxarır.
Müasir intensiv əkinçilik intensivləşdirmənin kimyalaşdırma, meliorasiya və mexanikləşdirmə, həmçinin
kənd təsərrüfatı bitkilərinin yüksək məhsuldar növlərinin tətbiqi kimi güclü amillərindən istifadəyə əsaslanır. Bu
amillərin ən yüksək səmərəliliyi torpaq münbitliyinin ən yüksək səviyyəsində özünü göstərir. Bu da əkinçilikdə
intensivliyin artması ilə eyni zamanda yüksək münbitliyi olan torpaqların da əhəmiyyətinin artdığını göstərir.
Ona görə də intensiv əkinçilik şəraitində torpaqlardan səmərəli istifadənin mühüm məqsədi – torpaq
münbitliyinin geniş təkrar istehsalının, yəni həm effektiv, həm də potensial münbitliyin eyni zamanda artımının
təmin edilməsidir.
Torpaq münbitliyinin geniş təkrar istehsalının həyata keçirilməsinin obyektiv imkanı onunla təmin edilir ki,
insan torpaq və onun münbitliyinin qanunauyğunluğunu bilərək, birincisi, torpağın münbitliyini qida elementləri
və nəmliyin miqdarını artırmaqla və onların sərfini məqsədyönlü şəkildə dəyişməklə (məsələn, səhraların və
digər qeyri-məhsuldar sahələrin mənimsənilməsi və s.) yüksəldə bilir; ikincisi, məhsul vasitəsilə götürdüyünü
torpağa daha çox qaytara bilir; üçüncüsü, o, münbitliyin yüksək səviyyəsini əldə etmək məqsədilə torpağın
xassə və rejimlərini tənzimləyə bilir.
İntensiv əkinçilik şəraitində torpaq münbitliyinin təkrar istehsalı iki yolla həyata keçirilir: maddi və
texnoloji. Birinciyə gübrələrin, meliorantların, pestisidlərin, aqronomik baxımdan əlverişli əkin dövriyyəsinin
tətbiqi daxildir. İkinci torpağa mexaniki təsir vasitələri (şumlama, kultivasiya və s.) və meliorasiya tədbirləri ilə
bağlıdır. Bu tədbirlərin konkret toplusu zonal əkinçilik sistemini və mədəni torpaqəmələgəlmə prosesinin
antropogen şəraitini səciyyələndirir.
Mədəni torpaqəmələgəlmə proseslərinin istiqamətləndirilmiş inkişafı torpaq münbitliyinin müəyyən
səviyyəsini (modelini) təmin etməyə imkan verir. Münbitlik modeli dedikdə torpağın bitki məhsuldarlığının
müəyyən səviyyəsinə uyğun gələn və aqronomik cəhətdən əhəmiyyətli hesab edilən xassə və rejimlərinin cəmi
başa düşülür.
Torpaq xassələrinin optimal parametrləri – torpağın xassə və rejimlərinin kəmiyyət göstəricilərinin elə
toplusudur ki, bu zaman bitki üçün həyat əhəmiyyətli amillər maksimum istifadə edilir, becərilən bitkilərin
potensial imkanlarını tam həyata keçirməklə ən yüksək və keyfiyyətli məhsul əldə edilir.
Müxtəlif bitkilərin torpaq şəraitinə tələbi eyni olmadığından torpaq münbitliyinin modeli bitkilərin torpağın
xassə və rejimlərinə tələbi nəzərə alınmaqla hazırlanmalıdır.
Torpaqların genetik xüsusiyyətləri fonunda (profilin quruluşu, humus horizontlarının olması, su-temperatur
rejiminin fatsial şəraiti və s.) torpaq münbitliyinin modeli torpağın aqronomik xüsusiyyətlərinin və kənd
təsərrüfatı bitkilərinin becərilməsinin differensial aqrotexniki qaydalarının formalaşmasında fundamental
göstərici kimi torpağın qranulometrik tərkibi (qumlu və qumsal, yüngül və orta gillicəli, ağırgillicəli və gilli)
nəzərə alınmaqla işlənilir.
Torpaq münbitliyinin modeli torpaqşünaslar, əkinçilər, melioratorlar, bitkiçilər və aqronomluq elminin
müxtəlif sahələrinin mütəxəssisləri tərəfindən hazırlanır. Torpaq münbitliyinin modeli aparıcı bitkilərin iştirakı
ilə çöl təcrübələri sistemində torpağın əsas parametrlərinin öyrənilməsi, qabaqcıl təsərrüfatların və sınaq
məntəqələrinin torpaq göstəricilərinin və bitkilərin məhsuldarlığına dair məlumatların ümumiləşdirilməsi
əsasında formalaşdırılır.
Optimal parametrlər əsasında torpaq münbitliyinin modelinin qurulduğu torpağın xassə və rejimlərinə
aşağıdakılar daxildir:
1) torpağın humus vəziyyətinin göstəriciləri – humusun miqdarı və tərkibi, onun ehtiyatı, humus qatının
qalınlığı;
2) torpağın qida rejimini səciyyələndirən parametrlər – bitki tərəfindən mənimsənilən qida
elementlərinin miqdarı;
3) fiziki xassələrin optimal göstəriciləri – sıxlıq, aqreqatlılıq, tarla sututumu, su
keçiricilik, aerasiya;
4) torpaq profilinin quruluşunu səciyyələndirən göstəricilər - əkin qatının və bütövlükdə
humuslu qatın qalınlığı;
5) fiziki-kimyəvi xassələrin göstəriciləri – reaksiyası, udma tutumu, mübadilə olunan
kationların tərkibi, əsaslarla doyma dərəcəsi.
Bütün torpaq tipləri üçün ümümi olan xassə və rejimlərdən başqa, ayrı-ayrı torpaq tiplərinin zonal
xassələrinin optimal göstəriciləri (tayqa-meşə zonasının torpaqlarında toksik maddələrin – alüminium və
manqanın mütəhərrik formaları, arid və yarımarid zonanın torpaqlarında duz rejiminin göstəriciləri – toksik
duzların miqdarı, tərkibi və yerləşmə dərinliyi və s.) də münbitliyini şəraitini və səviyyəsini təyin edir.
Torpağın bir çox xassələrinin optimal göstəriciləri torpağın aqronomik baxımdan əhəmiyyətli və praktiki
olaraq bütün xassə və rejimlərinə təsir göstərən fundamental göstəricilərinin – qranulometrik tərkibinin və
humusluluğunun optimallığından asılıdır.
Bütün həyat amilləri bitki üçün eyni dərəcədə əhəmiyyətlidir. Onlardan heç biri digəri ilə əvəz edilə bilməz.
Ona görə də effektiv münbitlik torpağın bitkini bütün zəruri şəraitlə maksimum təmin etmək qabiliyyətindən
asılıdır.
Buradan V.R.Vilyams tərəfindən formalaşdırılmış olduqca əhəmiyyətli bir müddəa ortaya çıxır ki, torpaq
münbitliyinin yüksəldilməsi, yüksək və sabit məhsul alınması üçün bitkinin bütün həyat və böyümə amillərinə
eyni vaxtda təsir etmək zəruridir. Bu zaman əsas amil (və ya amillər qrupu) aşkar edilməlidir ki, ona təsir
etməklə qalan amillərin səmərəliliyini artırmaq mümkün olsun. Məsələn, quraq zonalarda aparıcı amil –
bitkinin su ilə təmin olunmasıdır. Ona görə də bu zonada nəmliyin toplanması və səmərəli sərfinə yönəlmiş
tədbirlər xüsusi əhəmiyyət kəsb edir.
Meşə-tayqa zonasında torpaqların düzgün və sistematik gübrələnməsi və əhəngləşdirilməsi effektiv
münbitliyin artırılmasının əsas amili hesab olunur.
Suvarma əkinçiliyi zonasında torpaqların bataqlaşma və təkrar şorlaşmasını istisna edən düzgün suvarmanın
əhəmiyyəti böyükdür.
Beləliklə, bitkinin məhsuldarlığını müəyyən edən bütün amillərə eyni vaxtda təsir etmək prinsipinin həyata
keçirilməsi müxtəlif zonalarda torpaq münbitliyinin artırılmasının differensial qaydalarını tələb edir.
Ona görə də torpaq-aqronomik tədqiqat materialları bu məsələlərin həyata keçirilməsində böyük əhəmiyyət
kəsb edir. Bunlar aşağıdakılardır: torpaq xəritələri, qida elementləri (fosfor, kalium, azot) kartoqramları;
torpaqların turşuluq, şorlaşma, eroziya, bataqlaşma kartoqramları.
Bitki həyatının hər hansı amilinə birtərəfli təsir (başqalarını dəyişmədən) bu cür təsirin effektini tədricən
aşağı salır, hətta müəyyən şərtlər daxilində məhsulun azalmasına gətirib çıxarır. Bunu Qelrigelin nəmliyin
arpanın məhsuldarlığına təsirini öyrənən vegetasiya təcrübələrindən də görmək mümkündür.
Qelrigelin təcrübələrinin nəticəsi
Göstəricilər | Torpaq nəmliyi və məhsuldarlıq, tam su tutumundan %-lə | ||||||||||||||
5 | 10 | 20 | 30 | 40 | 60 | 80 | 100 | ||||||||
Məhsuldarlıq, dq/qab | 63 | 146 | 190 | 217 | 227 | 197 | 0 | ||||||||
Hər 10% nəmliyə məhsul artımı |
124 | 83 | 44 | 27 | 10 | -15 | -98 |
Cədvəldən göründüyü kimi, torpaq nəmliyinin hər dəfə 10% artımı məhsulun artmasına, müəyyən həddən (60% tam nəmlik tutumunda) sonra isə azalmasına və kəskin azalmasına səbəb olmuşdur. Bunu belə izah etmək olar ki, nəmliyin artması köklərin oksigenlə təmin olunmasına mənfi təsir göstərmiş, sonda onların məhv olması ilə nəticələnmişdir.