a) kanallardan sızma itkiləri; b) kanallarda su səthindən buxarlanma itkiləri; c) istismar zamanı kanallardan texniki itkilər (suvarma sahələrində su tullantısı, hidrotexniki qurğulardan itkilər və s.).
Qeyd edilən itki növlərindən sızma itkisi çox vaxt üstünlük təşkil edir. Sızmaya qarşı tədbir görülmədikdə adı torpaq kanallardan sızma itkiləri kanalın su sərfinin xeyli hissəsini (40 – 60 %-ə qədərini) təşkil edir. Açıq kanallarda su səthindən buxarlanma itkisi orta hesabla sərfin 2 – 4 %, texniki itkilər isə 2 – 5 %-i qədər ola bilər. Suyun kanalın içəri səthində sızması və istismarı ilə əlaqədar olan itkilər əsas itkilər hesab edilir.
Suvarma aparılan massivlərdə kanallardan sızma itkisi ilə mübarizə əsas məsələlərdən biridir. Sızma itkilərinin qarşısını almaqla suvarma suyundan qənaətlə istifadə edilməsi, kanalların faydalı iş əmsalının artırılması, kanalın xidmət etdiyi suvarılan sahələrin genişləndirilməsi mümkündür.
Suvarma kanallarından sızma itkilərinin qarşısını almaq üçün əsas iki tədbir sistemi tətbiq edilir:
1) istismar tədbirləri;
2) texniki (konstruktiv) tədbirlər.
İstismar tədbirləri – buna sudan planlı şəkildə istifadə edilməsi, kanallar arasında su dövriyyəsi yaradılması, onlara normal sərfə uyğun yığcam şəkildə su verilməsi və s. daxil edilir.
Texniki (konstruktiv) tədbirlər – bu tədbirlər kanalalrdan sızma itkisini azaltmaq üçün əsas tədbir kimi qəbul edilir. Bu tədbirlərdə öz növbəsində iki qrupa bölünür: birinci – kanalın yatağını təşkil edən qruntun su sızdırmasının azaldılması, ikinci – klanalın dib və yamaclarının xüsusi örtüklərlə örtülməsi.
Kanalın yatağını təşkil edən qruntu bərkitməklə sızma itkisinin qarşısını almaq olar. Bərkitmə nəticəsində qrunt sıxlaşır, məsamələri azalır və sızmanın qarşısı alınır. Bərkitmə üsulu yalnız əlaqəli və nəm qruntlarda tətbiq edilir
Kolmatasiya, kanalın yatağındakı qrunt boşluqlarının çatların narın gil hissəcikləri ilə doldurulması kimi başa düşülür. Bunun üçün kanalla bulanıq su axıdılmamalıdır. Lil və gil hissəciklərinin diametri, qrunt hissəciklərinin diametrlərindən 10-20 dəfə az olmalıdır.
Şorakətləşdirmə üsulu ilə sızmanın qarşısını almaq üçün kanalın yatağını təşkil edən qrunta müəyyən miqdarda xörək duzunun (NaCl) daxil edilməsi tələb olunur. Bu zaman qrunt hissəciklərinə daxil olan Na kationu həmin hissəcikləri dispersləşdirir və şişirdir. Nəticədə sızma xeyli azalır. Kanalın yatağının 1 m2 sahəsinə quru və ya məhlul halında 2-5 kq duz verilə bilər.
Gil örtüklər əsasən fasiləsiz işləyən torpaq kanallarında tətbiq eduilir. Susızdırma qabiliyyəti xeyli az olan gil örtüklərinin qalınlığı kanalın su sərfindən asılı olaraq 5-10 və 15-20 sm olur. Çatışmayan cəhəti az davamlı olması və tez sıradan çıxmasıdır.
Gil – beton örtüklər gil (30%), qum (40-45%), çınqıl (30-35%) qarışığından hazırlanır. Belə örtük gil örtüyə nisbətən daha davamlı və möhkəmdir. Onların qalınlığı 10 sm-ə qədər qəbul edilə bilər. Bu örtüklər donmaya davamlı olur, çatlamır və bitki onu deşə bilmir.
Beton və dəmir – beton örtüklər öz keyfiyyəti, möhkəmliyi, uzun müddət istismarına görə başqa örtüklərdən xeyli fərqlənir. Ümumiyyətlə, beton və dəmir – beton üzlük çəkilmiş kanalların tikintisində torpaq işlərinin həcmi xeyli az, en kəsiyi ölçüləri kiçik və sahədə f.i.ə. yüksək olur.
Su itkisinə qarşı görülən ən mühüm tədbirlər istismar itkilərinin miqdarını minimuma endirməkdən ibarətdir. Bu məqsədlə:
a) Suvarma sistemlərinə su planlı surətdə paylanmalı və onun artıq sərf edilməsinə yol verilməməlidir;
b) Suvarmaya ehtiyac olmayan dövrlərdə (qışda) kanalların işləmə müddəti azaldılmalıdır;
c) Azacıq suvarmalar üçün suyun bir çox kanallara paylanmasına yol verilməməlidir;
d) Sudan qənaətlə istifadə olunmasına nəzarət edilməli, suvarma bütün gün ərzində aparılmalıdır;
e) Kanallar və onların üzərində olan qurğular daim normal vəziyyətdə saxlanmalıdır. Qurğulardan suyun axmasına, dambalardan süzülməsinə və s. imkan verilməməlidir;
f) Kanalda suyun sürətinin azalmasına səbəb olan bütün amillər aradan qaldırılmalı, kanallar lildən və alaq otlarından təmizlənməlidir